Donald Tramp kimdir?
Donald Tramp ikinci dəfə prezident seçildi
Amerikada həftələrlə davam edən seçki kampaniyalarından və gərgin mübarizədən sonra Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ prezident seçkilərinin qalibi elan edilib.5 noyabr 2024-cü ildə ABŞ-da keçirilən ümumi seçkilərdə qalib gələn Donald Con Tramp (14 iyun 1946-cı ildə anadan olub) amerikalı siyasətçi, media xadimi, iş adamı və ABŞ-ın seçilmiş prezidentidir. O, 2017-2021-ci illərdə ABŞ-ın 45-ci prezidenti olub. O, 2025-ci il yanvarın 20-də ABŞ-ın 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayacaq.
Donald Tramp kimdir?
Donald Tramp ata tərəfdən alman, anası tərəfdən isə şotland əsilli ailədəndir. Meri Enn Makleod və Fred Trampın beş övladından biri olan Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-Yorkun Kuins şəhərində anadan olub. 1981-ci ildə qardaşı Frederik Tramp Jr. alkoqol asılılığından dünyasını dəyişib.
Donald Trampın uşaqlığı çılğın və hərəkətli keçib. O, yeniyetməlik illərində məktəbdə musiqi müəlliminə yumruq vurub. Sonra hərbi liseydə oxuyub.1964-cü ildə oranı bitirsə də zabit olmaq istəmirdi. O illərdə onun yeganə arzusu Hollivudda film prodüseri olmaq idi. Atasının onu Nyu Yorkda açılan körpüyə aparması onun üçün dönüş nöqtəsi oldu. Universitet təhsilini iki il Fordhamda və iki il Pensilvaniya Universitetində başa vurdu. Bu müddət ərzində atası Fred Tramp biznesini genişləndirərək 200 milyon dollarlıq sərvət əldə edib. Tramp dabanında yaranmış problemə görə Vyetnam müharibəsinə qatılmadı.
Trampın iş həyatı
Tramp 1968-ci ildə Pensilvaniya Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb.Atasının onu 1971-ci ildə ailə daşınmaz əmlak şirkətinin rəhbəri təyin etməsi ilə gənc Tramp iş həyatına qədəm qoymuşdur. Tramp şirkətin adını Trump Organization adlandırdı və şirkətə göydələnlər, otellər, kazinolar və qolf meydançalarının tikintisi və təmiri ilə bağlı göstəriş verdi.
İş həyatı çoxşaxəli keçən Tramp bir çox sahələrdə özünü sınayaraq bəlli məbləğdə sərvətə sahib olmuşdur. Tramp ailəsinin zənginliyi babası FredirikTrampın restoran və otel işlədərək sərvət qazanması ilə başladı. Ailəsinin soyadı əslində Drampft olmuşdur. Sonralar Tramp olaraq dəyişdi.
Donald Tramp dünya üzrə bir çox qol sahəsinin sahibidir.
2005-2010-cu illərdə Donald Tramp “Tramp Universiteti LLC”-nin sahibi olub.Burada verdiyi dərslər arasında daşınmaz əmlak haqqında dərs də olmuşdur.
Trampın şəxsi həyatı
Donald Trampın ümumilikdə üç nikahı olub. Bu evliliklərdən üçü oğlan, ikisi qız olmaqla ümumilikdə beş övladı olub. 2020-ci ilə kimi onun on nəvəsi var idi. Tramp ilk dəfə 1972-ci ildə çex modeli İvana Zelniçkova ilə evlənib. Bu evlilikdən onun Donald Tramp Jr., İvanka və Erik adlı üç övladı var. Cütlük 1992-ci ildə boşansa da, yaxın münasibətləri bir müddət davam edib. Bu evlilikdən olan uşaqların üçü də atalarının şirkətlərində menecerdir. 1997-ci ildə Tramp aktrisa Marla Maples ilə evlənib. Bu evlilikdən onun Tiffani adlı övladı var. İki il sonra, 8 iyun 1999-cu ildə evliliyini bitirdi. O, 2005-ci ildə sloveniyalı model Melaniya Knaussla ailə həyatı qurub. 2006-cı ilin martında onların oğlu Barron dünyaya gəldi.
Tramp nə ilə ittiham olunur?
Tramp ona qarşı cinayət işi davam edərkən vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq. Onun onlarla ittihamla üzləşərkən ABŞ hökumətinin yüksək vəzifəsinə yüksəlməsi ölkəni naməlumlarla dolu vəziyyətə salıb. O, “Ağ Ev”-də vəzifəyə gəldikdən sonra onun hüquqi problemlərinin çoxu aradan qalxacaq, çünki bəzi işlərdən imtina etmək səlahiyyətinə malik olacaq.
Donald Tramp Nyu-York ştatında sənəd saxtakarlığı ilə bağlı 34 ağır cinayətdə mühakimə olunub. May ayında Nyu-York ştatında münsiflər heyəti Trampı keçmiş porno ulduz Stormi Danielsə susqunluq pulu ödəməkdə təqsirli bilib. Nyu-York hakimi Xuan Merçan Trampın cəzasının müəyyənləşdirilməsini sentyabrdan 26 noyabra, yəni seçkidən sonra təxirə salıb. Keçmiş Bruklin prokuroru Julie Rendelmanın sözlərinə görə, Trampın prezident seçkilərində qalib gəlməsinə baxmayaraq, Merchan hökmü planlaşdırıldığı kimi icra edə bilər. Hüquq ekspertləri deyirlər ki, Trampın ilk dəfə mühakimə olunan cinayətkar kimi həbsə məhkum ediləcəyi ehtimalı azdır.
Siyasətçilər Tramp siyasətindən nə gözləyirlər?
Bəzi şərhçilərin fikrincə, Donald Trampın ilk müddəti onun 2024-cü ildən 2028-ci ilə qədər necə rəhbərlik edəcəyinin yaxşı göstəricisi ola bilər.
Siyasi şərhçilər Trampın 2020-ci ildə ilk prezidentlik müddətində qaldığı yerdən davam edəcəyinə inanırlar.Belə ki,Donald Trampın ilk prezidentlik dövründə tam həyata keçirə bilmədiyi layihələrindən biri də ABŞ-Meksika sərhədində divar hörməsi olub.
Konqres onun nəzərdə tutduğu divarın tikintisi üçün tələb olunan maliyyəni təsdiq etmədi.
Trampın ikinci prezidentliyi dövründə mitinqlərində tez-tez verdiyi bu vədi yerinə yetirəcəyi gözlənilir.