İmmuniteti gücləndirən möcüzəvi dərman var?
"Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın. Heç olmasa, vitaminlər filan təyin edin".
."Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətləri bu şəkildə olur. Mən o cür dərmanlar təyin etmirəm. Çünki bütün dünyada elə bir dərman yoxdur." - bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.
İmmunitet sistemi, müxtəlif hüceyrə və zülalların qarşılıqlı əlaqəsi və əməkdaşlığı sayəsində bədəni mikroblara qarşı qoruyan qüsursuz bir müdafiə sistemidir. İmmunitet sisteminin bütün hüceyrələri sümük iliyində ümumi bir kök hüceyrədən inkişaf edir və bu hüceyrələr zülallarla birlikdə bütün bədənə yayılır.
“Siz doğrudan da düşünürsünüz ki, immuniteti gücləndirən möcüzəvi dərman var, lakin həkim onu sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur? Vitaminlərə gəldikdə isə, onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik” - deyə mütəxəssis bildirib.
Həyatın ilk bir neçə ilində uşaqlar müxtəlif mikroblarla qarşılaşır və hər bir mikrob üçün spesifik antikor dediyimiz qoruyucu maddələr yaradırlar. İmmunitet sistemi, hüceyrələrin daha əvvəl qarşılaşdıqları mikrobları tanıyır və yaddaşına yazır. Beləliklə, eyni mikrobla yenidən qarşılaşdıqda onu asanlıqla və qısa müddətdə məhv edir.
Pediatr qeyd edib ki, immunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir:
“Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla və ümumiyyətlə, insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, normaldır.”
Mütəxəssis deyib ki, əgər övladınıza yardım etmək istəyirsinizsə bunlara əməl edin:
- Onu sağlam qida ilə bəsləyin
- Təmiz havada çox gəzdirin
- Yuxu problemlərini aradan qaldırın
- Fiziki aktivliyini (idman) artırın
- Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin).
H. Hacıağayevin sözlərinə görə, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır. Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar:
“Əgər uşağınızın immunitetini gücləndirmək adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub-olmadığını bir daha ağlınızdan keçirin”.
e-tibb.az