Qorxudan xilas olmaq: Qorxunun sağlam və qeyri-sağlam növləri

Beynimiz yüz milyarddan çox sinir hüceyrəsi şəbəkəsi ilə hər duyğumuzu idarə edən sirli bir strukturdur. Bəzi duyğularımız şüurlu düşüncələrə və hərəkətlərə, digərləri isə avtomatik reaksiya verməmizə səbəb olur. Qorxu da onlardan biridir.

Qorxudan xilas olmaq

Qorxu ürək döyüntüsü və tənəffüsün artması, əzələlərin gərilməsi, qan təzyiqinin artması kimi fizioloji dəyişikliklərə yol açan kimyəvi maddələrin yaranması ilə ortaya çıxan və tam avtomatik olan “ya döyüş, ya da qaç” təpkisi ilə nəticələnən zəncirvari reaksiyadır.

Bu reaksiyanı başlatan stimul, önümüzdəki bir hörümçək, boğazımıza dirənmiş bir bıçaq, danışmağımızı gözləyən insanlarla dolu bir konfrans zalı, öz-özünə açılıb-bağlanan bir qapı və ya verməli olduğumuz bir imtahan ola bilər. Qorxu müəyyən bir təhlükə nəticəsində “xəbərdaredici, müdafiəedici, qoruyucu” bir reaksiya şəklində çıxan həyati “müdafiə mexanizmi”dir və universal bir duyğudur.

Qorxu faktiki fiziki və ya emosional təhlükəyə təbii cavabdır. “Narahatlıq” naməlum səbəbdən yaranan stimul və qorxudur. “Panik atak” müəyyən bir səbəbdən yaranan bir qorxunun gözlənilmədən və bilinməyən bir səbəbdən ortaya çıxmasıdır. “Fobiya” müəyyən bir şey və ya vəziyyətlə bağlı güclü və davamlı şəkildə hiss edilən qorxudur.

Qorxmaq insanın seçimi deyil. Heç kim qorxmaq istəməz, lakin qorxuya daha yaxşı reaksiya vermək üçün, qorxunu yaxşı başa düşməyi və qorxu anında ağlında və bədənində baş verənlərdən xəbərdar olmağı seçə bilər. Jan-Pol Sartr deyib: Bütün insanlar qorxur. Hamısı! Qorxmayan insan normal deyil”. Qorxuya ehtiyacımız var, çünki qorxu, təhlükə və təhdid anlarında diqqətli və ayıq olmağımızı təmin edən, bununla da həyatda qalma şansımızı artıran xüsusi bir xəbərdarlıqdır. Ancaq bəzən bu qoruyucu sistem pozula bilər və qorxu bir növ allergik reaksiyaya, yəni fobiyaya çevrilə bilər.

Qorxunun növləri

Qorxunun növləri

İnsan böyük, idarəolunmaz qorxu və fobiyalara görə məsuliyyət daşımır, lakin o, məsuliyyətli olmağı və nəzarət etməyi öyrənməlidir. Bir təhlükə və ya təhdid qarşısında duyulan qorxu normal və təbiidir. Çünki “qəzəb, kədər, xoşbəxtlik və qorxu” insanın dörd əsas duyğusudur. Qorxu təbiəti etibarı ilə hər kəsdə görülən qeyri-iradi, qaçılmaz və zəruri bir həyəcandır. Məsələn, evli və uşaqları olan bir şəxs çox istəməsinə rəğmən, motosiklet sürməkdən qorxurdu. Bu qorxu “sağlam və başa düşülməli bir qorxu” idi, çünki sürətlə sürdükdə idarəetmənin itirilməsi ciddi xəsarətlər və ölümlə nəticələnən qəzalara səbəb ola bilər. Başqa bir şəxs pitbul cinsindən olan itlərdən qorxurdu. Bildirirdi ki, pitbulun güclü çənəsi var və hər an insana zərər verə bilər. Ətrafda itlər olmasa da, ağlına pitbul gələndə qorxurdu. Nə qədər istəsə də, çox qorxduğundan parklara, bağçalara girə bilmirdi.

Bu qorxu “narahatedici qorxu” idi. Başqa bir yetkin insan isə maşına minməkdən qorxurdu. Onun qorxusu daha zərərli idi. Çünki daha şiddətli və idarə olunması çətin olan bu qorxu onun işini düzgün yerinə yetirməsinə mane olurdu. Maşına minməkdən yayınır, hər yerə piyada getməyə çalışır, maşına minmək məcburiyyətində qalanda isə sakitləşdirici dərman qəbul edirdi. Siqnal səsi eşidəndə yerindən sıçrayır, həyəcanlanırdı. Bu qorxu “ağrılı bir qorxu” idi.

Sağlam və normal qorxu

Can və mal təhlükəsizliyini qoruyan "ev siqnalizasiya sistemləri" oğurluğa qarşı həllər təqdim edir, eyni zamanda yanğın, qaz sızması, təcili sağlamlıq və panik vəziyyətləri kimi xüsusi həlləri də ehtiva edir. Bu tip siqnalizasiya oğru evə girəndə işə düşməlidir. Lazımi şəxslərin eşidə biləcəyi qədər yüksək səs çıxarmalıdır. Bununla belə, ətrafda çaxnaşmaya səbəb olacaq qədər narahatedici olmamalıdır. İşi bitdikdə isə susmalıdır. Qorxu da eynilə oğru içəri girəndə işə düşən həyəcan siqnalı kimidir və onun funksiyası insanı əvvəlcə təhlükə barədə xəbərdar etmək, sonra isə bu təhlükə ilə ən təsirli şəkildə mübarizə aparmağa yönəltməkdir. Buna görə “sağlam və normal qorxu” təhlükə və təhdid qarşısında hərəkətə keçmə və müdafiə sistemlərinin işə salınması baxımından ölçülmüş təsirə malik həyəcan siqnalıdır.

Sağlam və normal qorxu real təhlükə qarşısında doğru hərəkət etməli, onun şiddəti təhlükə ilə mütənasib olmalı və müdafiədə təsirli olmalıdır. Təhlükə sovuşduqdan sonra və ya çox təhlükəli bir vəziyyətin olmadığı başa düşüldükdə tez və asanlıqla başa çatmalıdır. Əks təqdirdə faydasız və təhlükəli olacaqdır. Çünki bitməyən və davam edən, idarəolunmaz və nəzarətdən çıxan qorxu insanın təhdid və təhlükə anında xəbərdar etmə qabiliyyətini iflic edən “panik atak” vəziyyətinə çevrilə bilər.

Qeyri-sağlam və anormal qorxu

anormal qorxu

Fəaliyyət və nəzarət baxımından pozulmuş həyəcan siqnalı kimi olan “qeyri-sağlam və anormal qorxu” çox yorucu və usandırıcıdır. Çox vaxt aşağı dərəcədə təhdid və təhlükə zamanı belə çox güclü şəkildə alovlanır və tez bir zamanda panikaya çevrilir. Bir şəxs sosial fobiyası səbəbindən evdən çıxa bilmirdi, çıxmağa məcbur qaldıqda isə yaşadıqlarını belə ifadə edirdi: “Sanki hamı mənə baxır.Böyük bir utanc hissi keçirirəm. Hər kəsdən qaçmaq istəyirəm. Özümü öləcəyəm kimi hiss edirəm, bir daha heç kimi görmək istəmirəm. Kimsə mənə nəsə demək istəyəndə qulaqlarım uğuldayır, qıpqırmızı qızarıram, titrəyirəm və tərləyirəm. Çox qorxuram!"

“Sosial fobiya” insanın başqaları tərəfindən mühakimə olunmaqdan qorxduğu ictimai mühitlərdə biabır və rəzil olacağı ilə bağlı bir “narahatlıq pozğunluğu”dur. Sosial fobiyası olan insanlar başqaları ilə yaxından əlaqə saxlamaqdan və ya başqalarının yanında hərəkət etməli olduqları vəziyyətlərdən qorxurlar. Başqalarının onlar haqqında “zəif, dəli və ya axmaq” kimi mühakimə yürüdəcəyini düşünürlər. Sağlam və normal olmayan bu qorxunu idarə etmək çox çətindir.

Qorxuya qalib gəlməyin 10 yolu

Qorxmasaydıq, çox yaşamazdıq. Çünki qorxu bizi yolu keçərkən diqqətli olmağımıza, vəhşi heyvandan gördükdə ondan qaçmağımıza, hündür yerdən yıxılmamağa çalışmağımıza vadar edir. Beləliklə, qorxu bizi zərər görməkdən, hətta ölümdən qoruyan instinktiv bir duyğudur. Qorxunun əsas funksiyası həyati əhəmiyyət kəsb etsə də, hər qorxu da son nəticədə ölüm-dirim məsələsi deyil. Bəzən uğursuzluqdan, tərk edilməkdən, bədbəxt olmaqdan, kiminləsə görüşməkdən, yanlış anlaşılmaqdan, sevilməməkdən qorxuruq. Kritik məqam qorxunun həddi və formasıdır. Vaxtaşırı əsassız qorxular hiss edə, hər şeydən qorxa bilərsiniz. Nəzarətinizdən çıxan və həyatınızı yönləndirən bu cür qorxular sizi üzən və aradan qaldırmaq üçün səy göstərməli olduğunuz duyğulardır.

  • 1. Qorxularınızın fərqində olun. Bilin ki, qorxunuz real təhlükə və ya təhdiddən deyil, sadəcə olaraq düşüncələrinizdən qaynaqlanır və buna görə də real deyil. Məsələn, gecə saatlarında yolda qarşınıza silahlı bir adam çıxdığını görəndə hiss etdiyiniz qorxu gerçəkdir; belə bir adamı görməyib, ancaq görə biləcəyinizlə bağlı keçirdiyiniz qorxu isə düşüncələrinizdən yaranan qorxudur.
    2. Qorxularınızı müəyyənləşdirin. Qeyri-müəyyənlik qorxunun ən böyük mənbəyidir. Qorxularınızı bir-birinin ardınca ən çox və ən az qorxduğunuz şeylərin sırasına görə yazın. Qorxu çox narahatedici bir duyğu olduğundan, qorxularımız haqqında düşünmək belə istəmirik. Belə olduqda isə qorxularımızı nəzərdən keçirmək, qiymətləndirmək və aradan qaldırmaq imkanımız olmur.
  • 3. Qorxularınızı təhlil edin. Qorxularınızın siyahısında onların yanına onların niyə, nə vaxt və hansı şəraitdə baş verdiyini yazın. Yazdıqlarınızı təkrar-təkrar oxuyub üzərində düşünün. Qorxularınızın nələr olduğunu və onların səbəblərini aydınlaşdırmağınız onlardan qurtulmaq üçün atacağınız vacib bir addımdır.
  • 4. Qorxularınız haqqında danışın. Qorxularınızı başqalarına dilə gətirəndə onları nəzərdən keçirmək şansınız da artır. Beləliklə, beyninizdə onlar haqqında yaratdığınız qorxulu görüntülər daha az təsirli olur və qorxularınızın dəfolunmazlığı da get-gedə aradan qalxır. Danışmadığınız və düşünmədiyiniz zaman yox olacağını düşündüyünüz qorxularınız əslində sizi məhdudlaşdıraraq fəaliyyət dairənizi daraldır.
  • 5. Qorxularınıza qalib gəlmək üçün apardığınız mübarizənin gündəliyini tutun. Hər günün sonunda həmin gün hiss etdiyiniz qorxu və ya qorxuları hansı vəziyyətdə hiss etdiyinizi və hansı vəziyyətdə aradan qaldırıla biləcəyini yazın.
  • 6. Qorxularınıza qarşı hərəkətə keçin. Qorxularınızı aradan qaldırmaq məqsədi ilə hərəkətə keçmək üçün özünüzdə və həyatınızda nələri dəyişə biləcəyinizi müəyyənləşdirin. Hər qorxunun arxasında bir istək var. Məsələn, ölüm qorxusunun arxasında yaşamaq istəyi, tərk edilmə qorxusunun arxasında kiminləsə birlikdə olmaq istəyi dayanır. Qorxularınızın arxasındakı istəkləri müəyyən edərək həyatınızda edə biləcəyiniz dəyişiklikləri asandan çətinə doğru sadalayın və onları addım-addım həyata keçirməyə başlayın.
  • 7. Qorxularınızdan qaçmayın, onların üzərinə gedin. Qorxularınızla üzləşməyib, onlardan qaçdığınız müddət ərzində onlara daha da güclənmək və yanlarına yeni qorxular əlavə etmək imkanı verirsiniz. Qorxularınızı həll edilməsi lazım olan və həll edə biləcəyinizə inandığınız problem olaraq görməyiniz özünüzə inamınızı artıracaq və çarəsizlik hissini aradan qaldıraraq nəzarəti ələ keçirməyinizə imkan yaradacaq.
  • 8. Qorxularınızla bağlı ən pis ssenarini düşünün. Sonra bu vəziyyətdə necə davranacağınızı xəyal edin. Beləliklə, qorxunuzun ən pis nəticələri ilə qarşılaşaraq, bilinməyənləri aradan qaldırmış və və qorxularınızın əbədi olmadığını və onların da bir sonu olduğunu başa düşmüş olursunuz.
  • 9. Müsbət şeylər düşünün. Qorxu düşüncələrdən qaynaqlanır. Pozitiv düşünərək qorxularınızı idarə edə bilərsiniz. Unutmayın, cəsarət qorxusuz olmaq deyil, qorxunun öhdəsindən gəlməkdir.
  • 10. Dəstək alın. Qorxularınızla təkbaşına mübarizə apara bilmirsinizsə, bir peşəkardan yardım alın.

Yazar: İlk yazar