Uzun və sağlam yasamaq üçün bunları edin
Bədəninizə daxil olan gündəlik kalori sayını bir dəfəlik azaltmaqla siz həyatınıza köklü şəkildə kömək etmiş olacaqsınız.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, bunu elmi araşdırmalar deyir.
Bir restoranda bir kişi ilə qadın ilk görüşə çıxıblar. İlk həyəcanlı dəqiqələrdən sonra, hər şey öz axarında davam edir.
Kişinin 33 yaşı var və deyir ki, ömrünün böyük hissəsini subay yaşayıb. Dilə gətirməsə də, evlənib ailəyə sahib olmaq istədiyindən əmindir.
Qadın isə ona 52 yaşında olduğunu, bir dəfə evlənib boşandığını və uşaqlarının artıq 20 yaşı keçidklərini deyir. Kişinin ağlına belə gəlməzdi ki, qadın ondan böyükdür.
Bu, Yaşlanma üzrə ABŞ Milli İnstitutundan (YMİ) olan Julie Mattison-un xəyalıdır. O, ilbəil artan xronoloji yaşla bioloji yaş arasındakı fərqin tərs mütənasib olacağı günün arzusundadır.
Qəliz səslənsə də, cəmiyyətimiz məqsədə doğru böyük addımlar atıb. Tibb və sağlam həyatın inkişafı bariz nümunələrdir.
Məsələn, 2014-cü ildə ABŞ Sağlamlıq Müsahibəsi Sorğusu (United States Health Interview Survey) bildirib ki, 50 və 64 yaşlı insanların 16%-i xroniki xəstəliklərə tutulur.
Bundan bir neçə on illik öncə isə göstərici 23% idi. Başqa sözlə, uzun ömürlülük ilə yanaşı biz, həm də daha sağlamıq. Və sonuncu nəzərə çarpandır.
Nitqimizi daha təsirli etmək üçün John Kennedy-in 1961-ci ildə Yaşlanma üzrə Ağ Evin ilk Konfransındakı çıxışındakı bu sözlərə müraciət etmək yerinə düşər: illəri həyatınıza əlavə etmək əvəzinə, həyatı illərinizə əlavə etmək mümkündür.
Bəs həyatımızın uzunluğu və keyfiyyətini artırmaq üçün nə etməliyik?
Dünya üzrə araşdırmaçılar müxtəlif fikirlər irəli sürürlər, lakin, Mattison və həmkarları cavabın çox sadə olduğunu deyirlər: qidalanmanı dəyişmək.
Onlar daha yaxşı yaşlanmaq üçün boşqabımızı daha az doldurmalı olduğumuza və “kalori məhdudiyyəti” adlı yanaşmaya inanırlar. Bu diyet yağlı qidaların bəzən azaldılması yox, onların tədricən və ehtiyatlı şəkildə tamamilə aradan qaldırılmasını aşılayır.
1930-cu illərdən bəri gündəlik qəbul olunan qidalarda 30% azalma qurdlar, milçəklər, siçovullar, siçanlar və meymunlarda daha uzun və aktiv həyata səbəb olub.
Heyvanat aləmində kalori məhdudiyyəti çətin həyatın dərmanına çevrilib və çox güman ki, bu, insanlar üçün də keçərlidir.
İnsanın yediklərinin həyatına təsiri ideyası heç şübhəsiz ki, tarixə dayanır. İstənilən elmi bilik kimi bu haqda ilk ətraflı məlumat da, Qədim Yunanıstandan gəlir.
Xəstəliklərin təbii yolla yarandığını iddia edən ilk həkimlərdən biri Hippokrat müşahidə edirdi ki, xəstəliklərin bir çoxu acgözlükdən qaynaqlanır. Belə ki, kök yunanlar arıq yunanlara nisbətən, daha tez ölürdülər. Bunların hamısı papirus üzərində qeyd olunub.
Elmin episentrindən yayılan bu ideyalar əsrlər boyunca mənimsənilib və uyğunlaşdırılıb.
15-ci əsrin sonunda İtaliyanın Venesiya şəhəri yaxınlığında yerləşən kiçik bir kənddən olan aristokrat Alvise Cornaro bu ideyanı öz üzərində tətbiq etmək qərarına gəlir.
Yemək bu qədər zərərlidirsə, diyetik asketizm faydalı ola bilərmi?
Bunu bilmək üçün 40 yaşlı Cornaro hər gün 350 qram qida qəbul etməyə başlayır. Bu isə hazırkı hesablamalara əsasən, təxminən 1000 kalori edir.
O, çörək, panatela (qədim italyan yeməyi) və ya bulyon və yumurta yeyir. Ət kimi isə o, dana, keçi, mal, kəklik, qaratoyuq və ya tapa bildiyi hər hansı başqa quş əti qəbul edir. Yalnız yerli çaylardan tutulan balıqları yeyir.
Məhdudiyyəti qida seçimi yox, onun miqdarına tətbiq edən Cornaro, deyilənlərə görə 40 ildən sonra ölənə qədər “mükəmməl sağlamlıq” əldə edə bilir.
Yaşlandıqca doğum tarixini dəyişsə və 98 il yaşadığını iddia etsə də, ölərkən 84 yaşı olduğu deyilir.
16-cı əsrdə 50 və 60 yaşlı insanların yaşlı kimi qəbul edildiyi nəzərə alınarsa, 84 yaş da mükəmməl nəticə hesab olunmalıdır.
Onun ölümündən sonra, 1591-ci ildə nəvəsi “Sağlam Həyat barəsində Fikirlər” adlı üç cildlik kitab nəşr etdirir.
Carnaro iddia edirdi ki, ömürlərinin qürub çağında yaşlılar, sağlam qidaları həyatlarına tətbiq etməklə, illərin bilgisini hərəkətə keçirəcəklər. Onun pəhrizinə görə, gözəllik gənclik ilə yox, yaşlılıq ilə gəlir.