
Kokoslu peçenyenin hazırlanma qaydası
Bu kokoslu peçenyelər həm kövrək, həm yumşaq, həm də ki bir qədər xırt-xırtdırlar. Hazırlanması asan, qurtarması isə ondan da asan bu peçenyeləri bəyənəcəyinizə ümid edirəm.
![]()
Kokoslu Peçenye
25 ədəd peçenye üçün
Ərzaqlar:
- 130 qram kərə yağı – otaq hərarətində yumşaldılmış
- 160 qram şəkər tozu (stəkanın 3/4-ü)
- 2 yumurta
- 100 qram un (stəkanın 2/3-ü)
- 200 qram kokos yonqarı
Hazırlanma qaydası:
![]()
Əvvəlcə kərə yağını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın. Ayrı qabda yumurtaları rəngi bir az açılanadək bir neçə dəqiqə çalın.
![]()
Yumurtanı yağlı kütləyə əlavə edib qarışdırın.
![]()
Unu və kokos yonqarını da buraya əlavə edib əlinizlə xəmir yoğurun.
![]()
Xəmir yumşaq olub bir qədər ələ yapışmalıdır. Xəmiri kündələyib və üstünü örtüb 30 dəqiqəlik soyuducuya qoyun.
Sobanı 180Cdək qızdırın. 2 iri listin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Soyuducudan çıxartdığınız xəmirdən 25 ədəd qoz boyda parça qopardıb əlinizlə yumrulayın. Listlərə bir-birindən aralı olmaq şərtilə düzün.
![]()
Peçenyeləri 20 dəqiqə, yaxud kənarları bir qədər qızarıb üstləri çox az qızaranadək bişirin. Peçenyeləri sobadan çıxardıb listdə soyudun (isti peçenyelər kövrək olduğuna görə soyumaları mütləqdir).
![]()
Soyumuş peçenyeləri qaba düzüb süfrəyə verin.
azcookbook.com