Saçlar qadın gözəlliyinin əvəzolunmaz hissəsidir

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Baxımlı saçlara sahib olmaq çox çətindir, lakin müntəzəm baxımla qısa zamanda sağlam saçlara sahib olmaq mümkündür.

Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.

Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.

Baxımlı saçlar

Saçlara qulluq sistemi yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:

  • suyu dondurmaq və sonra əritmək;
  • təbii bulaq suyundan istifadə etmək;
  • qaynanmış sudan istifadə etmək;
  • az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək.

Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.

Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.

Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.

Saçlarınızı hava şəraitindən qoruyun

Saçlarımızı hava şəraitinə qarşı həssas qoyduğumuzu həmişə unuduruq. Günəşin saç köklərini qurutduğunu bilirik, lakin külək və yağış da saçlarımızın susuzlaşmasına səbəb olur və beləliklə saçlar asanlıqla elektriklənməyə başlayır.

Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.

Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.

Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür.

Suyun istiliyinə diqqət yetirin

Duş qəbul edərkən su çox isti olarsa, həm saç köklərinə, həm də saçın uclarına zərər verər. Məlumdur ki, saçları masaj edərək ilıq su ilə yumaq saçın qırılmasının və qırılmasının qarşısını alır.

Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır:

Saçlara qulluq

  • açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
  • tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
  • bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.
Saçda dəsmalların istifadəsi

Duşdan sonra saçınızın nəmini udmaq üçün dəsmal ilə sarılaraq geri atdığınız dəsmal saçlarınızın qırılmasına və elektrikləşməsinə səbəb olur. Saçları qurutmaq üçün istifadə etdiyiniz qalın dəsmalların yerinə üzvi nazik pambıq saç dəsmallarından istifadə edə bilərsiniz. Saçınızı dəsmalla bükmək əvəzinə, masaj edərək saçın nəmini ala bilərsiniz.Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız. Bunun üçün bir neçə üsul təklif edirik:

  • kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə;
  • kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə;
  • çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar.

Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun.

Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.

Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.

Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.

Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır.

Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar:

Saça düzgün qulluq

  • saçı isti su ilə yumayın;
  • qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin;
  • hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;
  • saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;
  • saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir;
  • saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun;
  • saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;
  • saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
  • unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun!

Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisini məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur.

Qidalanmanıza diqqət yetirin

Yaşıl və qırmızı çalarları ehtiva edən tərəvəz və göyərtilərlə yanaşı, Omega 3 kimi sağlam yağlarla zəngin bir pəhriz saçınızın təbii parlaqlığını və canlılığını təmin edəcəkdir. Unutmayın ki, yedikləriniz həmişə görünüşünüzə təsir edir. Tərəvəzdən və həm ətdən, həm də paxlalı bitkilərdən alacağınız zülal saçlarınızın içəridən sağlam olmasının qızıl qaydasıdır.

qadin.net

Yazar: İlk yazar