Şaxta babanın yaranma tarixi
Şaxta baba qırmızı kürk geyinir, onun başında qardan papaq, çiynində xurcun olur, əlində isə əsa tutur, uzun ağ saqqalı, qırmızı burnu var.
Onu hər ölkədə bir cür çağırırlar. Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Albaniyada Babadimpi, Bolqarıstanda Dyadyo Koleda, Böyük Britaniyada Faze Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Makedoniyada Dedo Mraz, Norveçdə Yulebukk, Polşada Svetiy Mikolay, Hollandiyada Kerstman, Portuqaliyada Pay Natal, Slovakiyada Yejişek, Sloveniyada Dedek Mraz, Türkiyədə Noel baba, Rumıniyada Moş Krakiun, Finlandiyada Youlupukki, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, Serbiya, Çernoqoriya, Bosniya və Herseqovinada Dada Mraz, İsveçdə Yultomten, İndoneziyada Sinterklas, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus, Braziliyada Papay Noel, Çilidə Viejito Paskuero, Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh, Əfqanıstanda Baba Çakalo, Estoniyada Jouluvana, Litvada Kaledu Snelis, Özbəkistanda Ayoz Bobo... Bu adlardan dünyada ən çox populyar olanı "Santa Klaus"dur.
Şaxta babanın tarixi ilə bağlı müxtəlif fikirlər var. Bu obrazın yaranma tarixi ilə bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən-şəklə düşüb. Əfsanəyə görə, indiki Türkiyənin Muğla vilayətinin Patara şəhərindəki Santa Klaus kilsəsinin Nikolas adlı keşişi olub. Bu keşiş III əsrin axırlarında Patarada varlı tacir ailəsində anadan olubmuş. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilir. Rəvayətə görə, bu şəhərdə kasıb bir kişinin 3 qızı varmış. Bu qızlar cehiz üçün pul tapa bilmirmiş. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlicə o qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemin həllində olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanır. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonların ümid yerinə çevrilir. Nikolas 343-cü ildə 65 yaşında vəfat edib.
1087-ci ildə türklər Muğla vilayətini fəth edəndən sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açıb, sümüklərini oğurlayaraq İtaliyanın Bari şəhərinə aparıb, orada dəfn ediblər. Yeni il bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus-Müqəddəs Nikolay obrazının əsli də xristian dünyasında axtarılır. Pravoslav kilsəsi Müqəddəs Nikolayı səyyahların himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs məxluq adlandırır.
Yeni il şənlikləri İsa Məsihin doğum gününün qeyd olunması ilə əlaqələndirilən bayramdır. Xristianlar bu bayramı 25-31 dekabr arasında, bir həftə qeyd edir. Şaxta baba ilə bağlı əfsanələrdə onun fövqəladə gücə malik olduğu da bildirilir. Bir əsatirə görə isə Santa Klaus müqəddəs hesab edilən yerləri ziyarət etmək üçün Qüds (Yerusəlim) şəhərinə gedir. Geriyə gəmi ilə qayıdır. Yolda gəmi fırtınaya düşür. Santa Klaus duaları ilə fırtınanı yatırır. Hətta fırtına vaxtı dənizə düşüb boğulmuş bir dənizçini də dirildir. Bundan sonra rahib Nikolas xristian dənizçilərin qoruyucu əzizi hesab olunur.
Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsinin əsası ilk dəfə Almaniyada qoyulub. Bu inanc əksəriyyəti protestant olan Avropa xristianları arasında sürətlə yayılıb. Santa Klaus ənənəsi hollandiyalı mühacirlər tərəfindən Amerikaya da yayılıb. Yeni il öncəsi şam ağacı (yolka) bəzəmək adəti də ilk dəfə Almaniyada tətbiq olunub. Bunun əslində xristianlıqla heç bir əlaqəsi yoxdur. Hələ xristianlıqdan əvvəl bütpərəst romalılar qış fəslində həmişəyaşıl dəfnə ağacını, german tayfaları isə həmişəyaşıl küknar və şam ağaclarını kəsib evlərinə qoyurmuş. Onlar evlərinə bolluq və bərəkət gətirsin deyə bu ağacın budaqlarından suxarı və şirin çörək asır, ağacı bəzəyirmiş. Əfsanəyə görə, həmin xalqlar bununla qışın gəlməsinə baxmayaraq, öz evlərində hələ də baharın davam etdiyini simvollaşdırmaq istəyiblər.
Şam ağacını bəzəmək ənənəsi Almaniyadan bütün Avropaya və dünyaya yayılıb. XX əsrin əvvəllərində ingilis missionerlər şam ağacı bəzəmək adətini Uzaq Şərqdə, Çin və Yaponiyada da yayıb. Skandinaviya xalqları fəxrlə deyir ki, Şaxta baba Yeni ildə öz dünya səyahətini məhz onların torpağından başlayır. Onlar iddia edir ki, Şaxta baba Laplandiyada, yəni Finlandiyada yaşayır. Və ildə bir dəfə dünya səyahətinə çıxıb insanlara, xüsusən balacalara hədiyyə paylayır...
Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olmasının kökü qədim rus folklor ənənələrinə gedib çıxır. Rusların İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qışla yayın əvəzlənməsinin rəmzidir. Bir çox tarixçilər əmindir ki, dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi Yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramı ilə bağlıdır. Yeni il şənliklərinə hər xalq öz əlavələrini edib.