Dünyada baş vermiş 25 dəhşətli zəlzələ

Zəlzələ ilə bağlı qeydlər aparılmağa ilk dəfə 1881-ci ilə Yaponiyada başlanılıb. Bundan sonra bir neçə ölkədə seysmometr istifadə olunub və seysmik stansiyalar qurulub. XXI əsrdən etibarən dünyada baş verən zəlzələlər anlıq olaraq təsbit edilir. Dünyada baş verən ən dağıdıcı zəlzələlərlə bağlı məlumatları təqdim edirik.

1. Böyük Çili zəlzələsi - Çili (1960)

 Böyük Çili zəlzələsi

22 may 1960-cı ildə Çilinin Valdivia şəhərində 9,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra Sakit okeanda sunami yaranıb. 10 min kilometr məsafədəki Hilo, Havay və Cənubi Afrikanın sahil bölgələri güclü dalğalara məruz qalıb. Zəlzələ nəticəsində təxminən 5000 insan həyatını itirib.

2. Şensi zəlzələsi - Çin (1556)

Şensi zəlzələsi

Tarixdə ən çox insan ölümünə səbəb olan Şensi zəlzələsi zamanı 830 mindən artıq insan həyatını itirib. Zəlzələ yaxın ərazilərdə də ciddi dağıntılara səbəb olub.

3. Hind okeanında zəlzələ və sunami (2004)

Hind okeanında zəlzələ

26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra adasının qərb sahillərində güclü zəlzələ baş verib. Yaranan sunami nəticəsində əmələ gələn 30 metr hündürlükdəki dalğalar 14 ölkədə 230 mindən çox insanın ölümünə səbəb olub. Ən ağır fəsadlar isə İndoneziya, Şri-Lanka, Hindistan və Taylandda qeydə alınıb.

4. Aleppo zəlzələsi - Suriya (1138)

Aleppo zəlzələsi

11 oktyabr 1138-ci ildə Suriyanın Hələb şəhərində baş verən güclü zəlzələ nəticəsində 300 minə yaxın insan həyatını itirib.

5. Tanqşan zəlzələsi - Çin (1976)

Tanqşan zəlzələsi

28 iyul 1976-cı ildə Çinin Tanqşan şəhərində baş verən 7,8 bal güclü zəlzələ 240 minə yaxın insanın ölümünə səbəb olub.

6. Haiyuan zəlzələsi (1920)

Haiyuan zəlzələsi

1920-ci ildə baş verən və Qansu zəlzələsi adlandırılan təbii fəlakət 7,8 bal gücündə olub. 200 mindən artıq insanın ölümünə səbəb olan yeraltı təkanlar Lijunbu Haiyuan və Qanyanç bölgələrini tar-mar edib.

7. Haiti zəlzələsi (2010)

Haiti zəlzələsi

2010-cu ildə Haitinin paytaxtı Port-o-Prinsdən 25 km uzaqlıqda qeydə alınan 7 bal gücündəki zəlzələ böyük dağıntılara səbəb olub. Təkanlar bir neçə dəfə təkrarlanıb. 100 minə yaxın insanın öldüyü bildirilib.

8. Xininq - Çin (1927)

Xininq

Çinin Xininq vilayətində 1927-ci ildə 7,9 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə 200 minə yaxın insan həyatını itirib.

9. Damğan - İran (856)

Damğan - İran (856)

Zəlzələnin 8 bal gücündə olduğu təxmin edilir. Nəticədə 200 minə yaxın adam ölüb.

10. Töhoku zəlzələsi (2011)

Töhoku zəlzələsi

11 mart 2011-ci ildə Yaponiyanın Töhoku bölgəsində 9 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə sunami baş verib. 15 828 nəfər zəlzələnin qurbanı olub, 3760 nəfər hələ də itkin sayılır.ölkənin şimal- şərqində 4,4 milyon ev elektriksiz, 1,5 milyon ev isə susuz qalıb.

11. Kanto zəlzələsi (1923)

Kanto zəlzələsi

Kanto zəlzələsi 1 sentyabr 1923-cü ildə qeydə alınıb. 4 dəqiqə davam edən yeraltı təkanların gücü 7,9 bala çatıb. 140 minə yaxın insan zəlzələnin qurbanı olub.

12. Aşqabad zəlzələsi - Türkmənistan (1948)

Aşqabad zəlzələsi

6 oktyabr 1948-ci ildə baş verən zəlzələ 7,3 bal gücündə olub. 110 min insanın öldüyü zəlzələ nəticəsində Aşqabad şəhəri tamamilə dağılıb və sonra yenidən inşa edilib.

13. Messina - İtaliya (1908)

Messina - İtaliya

28 dekabr 1908-ci ildə qeydə alınan 7,2 bal gücündəki zəlzələ 100 minə yaxın insanın həyatına son qoyub.

14. Çihli - Çin (1290)

Çihli 1920

27 sentyabr 1290-cı ildə baş verən zəlzələ təxminən 6,8 bal gücündə olub. 100 minə yaxın insan həyatını itirib.

15. Siçuan zəlzələsi - Çin (2008)

Siçuan zəlzələsi

Çinin Siçuan əyalətinin Nqava Tibet-Çianq bölgəsində 12 may 2008-ci ildə baş verən 7,8 ballıq zəlzələ böyük dağıntılar yaradıb. Titrəyişlər yaxınlıqdakı ölkələrdə də hiss edilib. 70 minə yaxın insan həlak olub.

16. Kəşmir zəlzələsi - Pakistan (2005)

Kəşmir zəlzələsi

8 oktyabr 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündəki zəlzələ 1 dəq. 19 san. davam edib. 75 mindən artıq insan həyatını itirib. Yeraltı təkanlar paytaxt İslamabaddan 95 km şimal-şərqdə yerləşən Kəşmir bölgəsində qeydə alınıb.

17. Şamaxı zəlzələsi - Azərbaycan

Şamaxı zəlzələsi

1667-ci il Şamaxı şəhərində 6,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 80 mindən artıq insan ölüb. Bu, şəhərin ümumi əhalisinin təxminən üçdə birini təşkil edib.

18. Təbriz - İran (1727)

Təbriz 1727

26 aprel 1727-ci ildə İranda qeydə alınan zəlzələnin gücü bilinməsə də, 77 minə yaxın insanın öldüyü təxmin edilir.

19. Lissabon zəlzələsi (1755)

Lissabon zəlzələsi

1 noyabr 1755-ci ildə baş verən zəlzələ nəticəsində 100 minə yaxın insan həyatını itirib. Yeraltı təkanlar sunami və güclü yanğınlarla nəticələnib.

20. Peru zəlzələsi (1970)

Peru zəlzələsi

31 may 1970-ci ildə Yunqay əyalətində 8 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə 20 mindən artıq insan həlak olub.

21. Siciliya - İtaliya (1693)

Siciliya 1693

11 yanvar 1693-cü ildə Siciliyada 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Təxminən 60 min insan ölüb. 70 qəsəbə və şəhər yerlə-yeksan olub.

22. İran zəlzələsi (1990)

İran zəlzələsi

21 iyul 1990-cı ildə baş verən 7,4 ballıq zəlzələ İranın Rudbar, Mancil və Luşan şəhərlərində ciddi dağıntılar törədib. Xəzər dənizinin cənub-qərbindəki Gilan və Zəncan əyalətləri də ciddi zərər görüb. 40 minə yaxın insan ölüb, 60 minə yaxın insan isə xəsarət alıb. 500 min nəfər evsiz qalıb.

23. Gölcük zəlzələsi - Türkiyə (1999)

Gölcük zəlzələsi

17 avqust 1999-cu ildə Gölcük və Kocaeli əyalətlərində baş verən yeraltı təkanlar 7,5 bal gücündə olub. Zəlzələ nəticəsində 17 480 insan ölüb, 23 781 insan isə xəsarət alıb. 300 minə yaxın evə zərər dəyib. 16 milyona yaxın insan zəlzələdən zərər çəkib.

24. Nankaydo - Yaponiya (1498)

Nankaydo zəlzələ

20 sentyabr 1498-ci ildə Yaponiyada 8,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 30 mindən artıq insan həlak olub.

25. Nepal zəlzələsi (2015)

Nepal zəlzələsi

25 aprel 2015-ci ildə Nepalın paytaxtı Katmandu və Pokxara şəhərlərində qeydə alınan 7,8 ballıq zəlzələ 6 mindən artıq insanın ölümünə səbəb olub.

Yazar: İlk yazar