Dünyanın ən güclü elektrikli balığı tapıldı
Amazon hövzəsində dünyanın ən güclü elektrikli balığı kəşf edilib.
“Electrophorus voltai” adlandırılan və 2 metr 40 sm-ə qədər böyüyə bilən bu balıq növü 860 volt elektrik hasil edə bilir.
İndiyə qədər batareyanın ixtiraçısı Alessandro Volta -ya ilham verən yalnız bir növ elektrik ilan balığı (Electrophorus electricus) olduğu düşünülürdü. Vaşinqtondakı Smithsonian Milli Təbiət Tarixi Muzeyinin zooloqu C. David de Santananın rəhbərlik etdiyi bir qrup, Cənubi Amerikanın ucqar bölgələrindən toplanan 107 DNT nümunəsinin analizinin iki növ elektrikli ilan balığının olduğunu göstərdiyini açıqladı. Həmin növü "Electrophorus voltaic" və "Electrophorus varii" adlandırdılar.
Kəşf edilən bu balıq növlərindən “Electrophorus voltrai” 860 volta qədər elektrik enerjisi verə bilir.
“Nature Communications” adlı elmi jurnalda yayımlanan araşdırmada isə bu balığın istehsal etdiyi enerjinin rekord ola biləcəyi qeyd edilib.
Bu balıqların bədənlərinin çoxu yüksək gərginlikli əzələlərə çevrilmiş elektroplaklarla (elektrik orqanları) örtülmüşdür. Bu orqanlar aşağı gərginlik verən minlərlə kiçik elementdən ibarətdir. Bu elementlər ardıcıl olaraq bağlanmış batareyalar kimi yüksək gərginlik yaradır.
Qeyd edək ki, elektrik istehsal edən 250-yə yaxın balıq növü var. Elektrikli ilan balıqları isə elektrikdən ov etmək və özlərini qorumaq üçün istifadə edən yeganə balıq növüdür.