Ordan-Burdan
20.09.19 13:47
Milli mətbəximizin dadlı şirniyyatlarından olan paxlavanın hazırlanma qaydası
Ulduz şəklində kəsilməsi və yaxud bölgələrimizdə, əsasən Qəbələ və Göyçayda bişirilən “üçqulaq” deyilən və eynilə ulduzabənzər, şəkər və qozdan hazırlanan şirniyyat növü - paxlava heyrətamizdir!
Bu məqaləmdə sizə paxlavanın hazırlanması qaydalarını izah etməyə çalışacam.
İlk olaraq tərkibi haqqında
Xəmir üçün:
- 1kq un
- 3 yumurta
- 250 q kərə yağı
- 1 st süd
- 2 x.q xama
- 1 ç.q quru maya
- Duz
İçlik üçün:
- 1 kq qoz ləpəsi
- 1kq şəkər tozu
- 1/3 ç.q hil.
Qeyd: İçliyi badam ləpəsi ilə də edə bilərsiniz. Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk.
Yağlamaq üçün:
- 400 - 450 q kərə yağı
Şərbət üçün:
- 2st şəkər tozu
- 1 st su
Üzü üçün:
- 2 ədəd yumurta sarısı
- Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)
İndi isə keçək hazırlanma qaydasına:
- Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.
- Yağı əridirik.
- Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
- Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
- Yumşaq xəmir yoğururuq.
- Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, 2 saat acımağa qoyuruq.
- İçlik hazırlayırıq. Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk.
- Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı əridirik.
- Şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük.
- Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq.
- Üzü üçün badam ləpəsini təmizləyirik. Bax: Badam ləpəsinin təmizlənməsi
- Xəmir 2 saata acıyır.
- Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük qalanlarını balaca kündələyirik.
- Yuxanı (az) unla yayırıq.
- Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq.
- Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik.
- Yenə yuxanı sərib yağlayırıq.
- Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik.
- Xəmiri romb şəklində kəsirik.
- Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq.
- 180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra çıxarıb yağlayırıq.
- Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük.
- Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın.
- Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük.
- Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.
Qeyd: Paxlavanın üzünün parıltılı və gözəl olmağını istəyirsinizsə onda paxlavanın şərbətindən 3 x.q götürüb 1 x.q bal ilə əridib firça ilə hazır olan isti paxlavanın üzünə çəkirik.
Nuş olsun!