Seyşel adaları: Əhalinin 10 faizi heroindən asılı olan ölkə
Afrika qitəsinin şərq sahillərində 115 kiçik adadan ibarət olan Seyşel adalarında narkotik asılılığının epidemiyaya çevrildiyi bildirilir.
Vəziyyətin ağırlığı o həddədir ki, həbsxanada olmaq belə aludəçilikdən xilas olmağa yol açmır. Afrika qitəsinin hər yerindən araşdırma sənədli filmləri hazırlayan BBC Africa Eye komandası Seyşel adalarındakı ən böyük həbsxanaya gedərək ölkənin gələcəyini təhdid edən narkotik problemini araşdırıb. Seyşel adalarının ən böyük həbsxanası olan Montagne Posée həbsxanası bir təpədə yerləşir və Hind okeanının mənzərələri ilə əhatə olunub. Məhkumların saxlanıldığı binanın girişində Nelson Mandelanın rəsmi vurulub.
BBC komandası "ziyarətçilər üçün şou kamerası" olduğu deyilən yerə keçirlər. Bu yer təmiz, lakin çox dardır. Eyni otaqda səkkiz çarpayı, tualet və duş var. Bu otağın yaxınlığında çirkli və bərbad vəziyyətdə olan bir mətbəx yerləşir. Burada balıq sümükləri krantın içinə tıxanır, dəhşətli qoxu gəlir, milçəklər ətrafda vızıldaşır. Sonra digər hücrələrin yerləşdiyi binanın əsas hissəsinə gedirik.
Buranın qaranlığı insanı çox sıxır. Hələ günorta olsa da, gün işığı içəri nüfuz edə bilmir. Kameraların içərisində məhbuslar öz şəxsi məkanlarını yaratmaq üçün karton parçaları ilə divarlar düzəldiblər. Bəziləri o qədər kiçikdir ki, daha çox qəfəsi xatırladırlar. Bu hücrələrdə narkotiklər bölüşdürülür.
Həbsxanada olmaq çöldə baş verənlərə qarşı heç bir qorunma təmin etmir. Seyşel adaları artıq epidemiya kimi təsvir edə biləcəyimiz bir problemlə üz-üzədir. Ölkə əhalisinin təxminən 10 faizinin heroinə aludə olduğu düşünülür. Vəziyyət o qədər acınacaqlıdır ki, narkotik aludəçisi olan yerlilərin edə bilmədiyi işləri görmək üçün ölkəyə əcnəbi işçilər gətirilir.
Hətta Seyşel adalarının prezidenti Vavel Ramkalavan həbsxananın təyinatına uyğun olmadığını bildirir. Ölkənin paytaxtı Viktoriyada BBC-yə danışan Ramkalavan bölgədə yeni həbsxana tikməyin planlaşdırıldığını deyib: “Belə bir qarışıqlıq qarşısında, səlahiyyətlilər də daxil olmaqla, həbsxana korrupsiya yuvasına çevrilir”. Ramkalavan bütün ölkədə narkotik probleminin aşırı həddə olduğunu etiraf edir: “Seyşel adaları adambaşına düşən heroin istehlakına görə dünyada birinci yerdədir. Bu, şəxsən məni məmnun edən bir statistika deyil".
Viktoriya şəhərində hər səhər, yanında çatdırılma pəncərəsi olan ağ furqon şəhəri bir neçə dəfə gəzir və burada müxtəlif təbəqələrdən olan insanlar dərmanlarını almaq üçün uzun növbələr yaradırlar. Təəccüblüdür ki, heroinin girovuna çevrilmiş ölkədə metadon narkotik istifadəçiləri üçün yeganə dəstəkdir.
Bir çox insanlar üçün səhərlər paylanan metadon həbləri günün ilk dozası kimi xidmət edir. Bu çox təhlükəlidir, çünki metadon və heroinin eyni vaxtda istifadəsi ölümcül ola bilər. Detoks planı və məsləhəti olmadan metadondan istifadə etmək sağalmaq üçün doğru yol deyil. Buna baxmayaraq, keçmişdə qəbul edilmiş siyasi qərarlar adalardakı bütün reabilitasiya mərkəzlərinin bağlanmasına səbəb olub. İki ildir vəzifədə olan prezident Ramkalavan ölkədə lazımi stasionar yardımın olmamasında sələflərini günahlandırır.
Ramkalavan Birləşmiş Ərəb Əmirliklərindən ölkədə reabilitasiya mərkəzi tikmək üçün qrant alındığını bildirir. Heroin Seyşel adalarına daha çox Əfqanıstan və İrandan qayıqlarla gətirilir. Burada isə nsanların evlərinin arxasında qurulan kiçik dükanlarda satılır. Heroindən əlavə, kokain və "kristal meth" kimi metamfetaminin istifadəsi də geniş vüsət alıb. Bunları metadonla müalicə etmək olmaz.